[53.23] Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir.

[53.32] (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!

[53.35] Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və’d etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi).
