[10.2] İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” – deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” dedilər.
[10.3] Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
[10.4] Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab gözləyir!
[10.9] İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol ne’mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər].
[10.11] Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!
[10.12] İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.
[10.15] (Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq–hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bundan ayrı bir Qur’an gətir və ya onu dəyişdir!” – deyərlər. Onlara de: “Mən onu özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram”.
[10.16] De: “Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan (Qur’an nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür sürmüşəm. ( Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Qur’anın mənim sözlərim deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?”
[10.18] Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”
[10.19] İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar. Əgər Rəbbin tərədindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (sorğu-sual və cəza qiyamətə saxlanılmasaydı), ixtilafda olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.
[10.20] Müşriklər: “Barı, Peyğəmbərə (bizə dediklərinizin doğru olduğunu bilməyimiz üçün) Rəbbi tərəfindən bir mö’cüzə nazil ediləydi!” – deyirlər. Onlara belə cavab ver: “Qeyb (aləmi) ancaq Allaha məxsusdur. Elə isə (Allahın əzabını gözləyin). Doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!”
[10.21] İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!
[10.22] Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
[10.24] Həqiqətən, (ne’mətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!
[10.27] Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!
[10.28] O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra müşrikləri: “Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!” – deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz”.
[10.31] (Ya Rəsulum!) De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?”
[10.34] (Ya Rəsulum!) De: “Allaha qoşduğunuz şəriklər işərisində məxluqu (insanları) yoxdan yaradan, sonra onu (öldürüb qiyamət günü haqq-hesab üçün yenidən həyata) qaytara bilən bir kəs varmı?” De: “Allah məxluqu yoxdan yaradır, (öldükdən) sonra onu (yenidən dirildib əvvəlki halına) qaytarır. Elə isə (haqdan) necə döndərilirsiniz?”
[10.35] De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?” (Sənə cavab verə bilməyən müşriklərə) de: “Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”
[10.37] Bu Qur’an Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!
[10.39] Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu (müşriklərə, kafirlərə və’d edilmiş əzab) onlara gəlib çatmamış Qur’anı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!
[10.49] (Ya Rəsulum!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.
[10.54] Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz).
[10.61] (Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
[10.66] Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar – bütün canlılar, bütün məxluqat) hamısı Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik olmağa layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.
[10.68] (Müşriklər: ) “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın Özünə övlad götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?
[10.71] (Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).
[10.72] Əgər siz (mənim öyüd-nəsihətimdən, də’vətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!”
[10.73] Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!
[10.74] Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar mö’cüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik.
[10.88] Musa dedi: “Ey Rəbbimiz! Sən Fir’ona və ə’yan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”
[10.90] İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Fir’on və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Fir’on) batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.
[10.93] İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm (Qur’an) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin Qur’an nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!
[10.98] Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? (Yunisin ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.
[10.104] De: “Ey insanlar! (Ey Məkkə müşrikləri!) Əgər mənim dinim bardəsində şübhəyə düşmüsünüzsə, (bilin ki) mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə mö’minlərdən olmaq əmr edilmişdir”.
[10.107] Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne’mətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.
