[11.3] Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim də’vətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.
[11.5] Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və mö’minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.
[11.6] Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).
[11.7] Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” – deyə cavab verərlər.
[11.12] (Ya Rəsulum!) Müşriklərin: “Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bə’zi ayələri dərhal təbliğ etməyib tə’xirə salmalı) olacaqsan və (bə’zən) buna görə ürəyin qısılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!
[11.15] Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb e’tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər).
[11.17] Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qur’ana inanırlar. (Ya Rəsulum!) Qur’anı inkar edən zümrənin (bütün müşriklərin və kafirlərin) və’d olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!
[11.18] Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!
[11.20] Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!
[11.27] (Nuh) tayfasının kafir ə’yan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”
[11.28] (Nuh) dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə (mö’cüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!
[11.31] Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı (hamıdan yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”
[11.38] (Nuh) gəmini düzəldir, ümmətinin ə’yan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
[11.40] Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi.
[11.43] (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu.
[11.44] (Allahdan bir əmr olaraq: ) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi.
[11.46] (Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)”.
[11.48] (Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mö’min) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bə’zi ümmətlərə də (dünyada) dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar edəcəyik!”
[11.54] Biz ancaq bunu deyirik ki, bə’zi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!
[11.56] Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin haqqını tapdalayıb mükafatını azaltmır. Mö’minə Cənnət, kafirə isə Cəhənnəm qismət edir).
[11.57] Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz (Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”
[11.59] Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə görə bir peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.
[11.60] Və, beləliklə, dünyada da, qiyamət günündə də lə’nətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).
[11.61] Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!”
[11.62] Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri də’vət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik”.
[11.63] (Saleh onlara) belə cavab verdi: “Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir mö’cüzə olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!
[11.71] (İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yə’qubla (İshaqın, ondan sonra Yə’qubun dünyaya gələcəyi ilə) müjdələdik.
[11.73] (Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah tə’riflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!” (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz ne’mət, ehsan və kərəm sahibidir!)
[11.78] Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?”
[11.81] (Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
[11.83] Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına yağar).
[11.84] Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!
[11.88] (Şüeyb onlara) belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir mö’cüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!
[11.89] Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik etsəniz, onların başına gələn müsibətlər, sizin də başınıza gələr).
[11.94] (Şüeyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular).
[11.107] Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi–göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar mö’minlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər).
[11.108] Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə’zi kamil mö’minlərin daha yüksək mərtəbələrə - ərşi-ə’laya qalxması, bir müddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib olmasından) əlavə, tükənməz bir ne’mət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.
[11.110] Biz Musaya kitab (Tövrat) verdik və onun (Qur’anın) barəsində də ixtilaf düşdü (yəhudilərin bə’zisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Qur’anın) barəsində də şəkk-şübhədədirlər!
[11.114] (Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə’ni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə’ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə’zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).
[11.116] Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne’mətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.
[11.119] Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mö’min və kafir, cənnət və cəhənnəm əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): “Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!” - sözü tamamilə yerinə yetdi!
