[12.6] (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”
[12.15] (Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.
[12.17] Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”
[12.18] Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yə’qub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”
[12.19] Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!
[12.20] (Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.
[12.21] (Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!
[12.23] Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.
[12.25] (Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”
[12.31] (Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə də’vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” - dedilər.
[12.32] (Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”
[12.35] (Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).
[12.36] Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”
[12.37] (Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə’nasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!
[12.40] (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!
[12.41] Ey iki zindan yoldaşım! (Yuxularınızın mə’nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə e’dam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)
[12.42] (Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.
[12.43] (Bir gün) padşah (Misir padşahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə’yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”
[12.46] (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!”
[12.50] (Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”
[12.51] (Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrubdanışanlardandır!”
[12.62] (Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”
[12.63] (Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”
[12.65] Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”
[12.66] (Yə’qub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yə’qub): “Allah dediyimizə şahiddir!” – dedi.
[12.67] (Yə’qub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”
[12.68] Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!
[12.76] (Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!
[12.77] (Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”
[12.80] Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.
[12.81] Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).
[12.83] (Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”
[12.84] (Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).
[12.88] (Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”
[12.90] Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi.
[12.100] (Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”
[12.101] (Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
[12.108] (Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, də’vət) yolumdur. Mən və mənə tabe olan (mö’minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!”
[12.109] Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
[12.111] (Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Qur’an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!
