[19.11] (Nəhayət, Zəkəriyyanın dili tutulduğu, ona danışmaq qadağan edildiyi üçün artıq zövcəsinin hamilə olduğunu başa düşdü və Allahın Öz əhdinə sadiq olduğuna bir daha əmin olub Ona cani-dildən şükür etdi). Sonra (Zəkəriyya) mehrabdan (mə’bəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şə’ninə tə’riflər deyin! (Və ya namaz qılın!)”

[19.21] (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir mö’cüzə, (sənə və mö’minlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”

[19.23] Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”

[19.26] (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: “Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”

[19.38] (Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar).

[19.39] (Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib mö’minlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!

[19.46] (Atası Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!”

[19.48] Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)”

[19.58] Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yə’qubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne’mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yə’qub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yə’qubun nəslindən olan peyğəmbərlərdəndir].

[19.64] (Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi: ) “Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir”. (Cəbrail Qur’anı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini qısma!)

[19.65] O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər).

[19.71] Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır).

[19.75] (Ya Rəsulum!) De: “(Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin”. Nəhayət, və’d olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.

[19.97] (Ey Muhəmməd!) Biz (Qur’anı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan.
