Home : Quran Translations : Azerbaijani :
Azerbaijani Translation: əl-Ənbiya (Peyğəmbərlər) surəsi
[21.1] İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).

[21.3] Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Qur’an sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər.

[21.5] Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Qur’an) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən mö’cüzələr kimi bizə bir mö’cüzə gətirsin!”

[21.10] Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim mö’minlərin yadına salar). Məgər dərk etmirsinizmi?

[21.17] Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz).

[21.24] Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa tanrılar qəbul etdilər? (Ya Rəsulum!) De: “(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Qur’an), bu da məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz döndərər!”

[21.30] Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).

[21.35] Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!

[21.37] İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e’tibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!

[21.44] Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!

[21.58] (Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).

[21.79] Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tə’rifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.

[21.82] Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq.

[21.84] Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.

[21.87] Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi.

[21.90] Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müt’i idilər.

[21.91] (Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir mö’cüzə etdik.

[21.104] Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və’d etmişdik. Biz onu mütləq edəcəyik).

[21.107] Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır. Mö’minlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar).
