[25.3] (Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.
[25.8] Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər mö’minlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”
[25.9] (Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər!
[25.14] (Onlara istehza ilə deyilər: ) “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
[25.16] Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir və’ddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi və’di yerinə yetirmişdir).
[25.18] (Bütlər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər ne’mət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Qur’anı) xatırlamağı belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!”
[25.19] (Allah buyuracaqdır: ) “(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq nə əzabı (özünüzdən) sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq”.
[25.20] (Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) görəndir!
[25.21] Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!” – dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cür’ət etməklə) azğınlaşıb həddi çox aşdılar.
[25.23] Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)
[25.32] Kafirlər: “Qur’an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” – dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Qur’anın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mə’nalarının anlaşılmasını asanlaşdırır).
[25.40] (Qüreyş müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə (vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar. (Özlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə içindədirlər).
[25.44] Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).
[25.57] De: “Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir şəxs malını Allah yolunda sərf etsə, ona da mane olan deyiləm).
