[27.8] Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan kənardır!)
[27.12] Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Fir’ona və onun tayfasına göndərilən doqquz mö’cüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş) fasiq bir camaatdır!”
[27.19] (Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun ne’mətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”
[27.36] (Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.
[27.39] Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e’tibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, lə’l-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”
[27.40] (Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne’mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne’mətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)
[27.42] (Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O da: “Sanki odur!” – deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) “Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müt’i (müsəlman) olmuşuq!”
[27.44] (Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: “Saraya daxil ol!” (Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) atəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!”
[27.47] Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Ayağınız bizə düşmədiyi üçüb pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq). (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz.
[27.49] Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!”
[27.60] (Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər!)
[27.61] (Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!
[27.62] (Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?
[27.63] Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
[27.64] Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?” De: “(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
[27.66] Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar (axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!” (Müşriklər axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir fayda verməyəcəkdir!)
[27.82] Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (mö’minlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər.
[27.86] Məgər gecəni onların istirahəti üçün (qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır.
[27.87] Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müt’i (zəlil) vəziyyətdə gələr.
[27.91] (Ya Rəsulum! De: ) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir!
[27.92] Və mənə Qur’an oxumaq (buyurulmuşdur)!” Hər kəs doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!” (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm!)
