[34.3] (Ayələrimizi) inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” – dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”

[34.9] Məgər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? (Yer və göy onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər). Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!

[34.10] Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şə’ninə tə’riflə deyin!” – deyə buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).

[34.11] (Biz Davuda belə buyurduq: ) “Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!”

[34.12] Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mə’dənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq.

[34.13] Onun (Süleyman) üçün nə istəsə - mə’bədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu ne’mətə şükür edin!) Bəndələrimdən (ne’mətlərimə) şükür edəni azdır!

[34.14] Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.

[34.15] Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu: ) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!”

[34.16] Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik.

[34.18] Onların (Səba əhlinin) yurdu ilə bərəkət verdiyimiz məmləkətlət (Şam və Urdun) arasında bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq (belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində yatıb dincəlirdilər). (Onlara belə demişdik: ) “Gecələri-gündüzləri (istədiyiniz vaxt) orada arxayın gəzib-dolanın!”

[34.19] Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!” – dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə qəbiləsi İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində “Səba əhli kimi pərən-pərən düşdülər” məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbir, (ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!

[34.21] Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Mö’minlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər).

[34.22] (Ya Peyğəmbər! Müşriklərə) de: “Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!

[34.23] Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bə’zi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə məhşərə gətirilənlərin) ürəklərindən o (müdhiş) qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!” – deyə cavab verərlər.

[34.31] (Kitab əhlinin mö’minləri məkkəlilərə: “Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük”,- söylədikləri zaman) kafir olanlar dedilər: “Biz nə bu Qur’ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!” (Ya Rəsulum!) Kaş sən o zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları (bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə): “Əgər siz olmasaydınız, biz mütləq mö’min olardıq!” – dedikləri zaman görəydin.

[34.33] Acizlər özlərini yuxarı tutanlara deyərlər: “Xeyr bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz”. Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər.

[34.34] Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-ne’mət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, mö’cüzələri) inkar edirik!” – dedilər.

[34.37] Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq içində yaşayacaqlar.

[34.43] Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!” deyər, (Qur’an haqında isə: ) “Bu, uydurma yalandan başqa bir şey deyildir!” söyləyərlər. Kafir olanlara haqq (Qur’an) gəldikdə onun barəsində: “Bu yalnız açıq-aşkar bir sehrdir!” – deyərlər.

[34.45] Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən də o kafirləri inkar edib onlara olan ne’mətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!)

[34.46] (Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!”

[34.52] Onlar: “Ona (Qur’ana və ya Muhəmməd əleyhissəlama) inandıq!” – deyirlər. Amma (axirət kimi) uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?! (Axirət aləminə getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz, çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır!)

[34.54] Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir. (Bir də dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür). Daha öncə özlərinə bənzər kəslər (kafirlər) barəsində də belə edilmişdir. Çünki onlar da (axirət əzabı barəsində) dərin bir şəkk içində idilər.
