[36.8] Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).

[36.9] Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən kordurlar).

[36.15] (Antakiyalılar: ) “Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, mö’cüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” – dedilər.

[36.18] (Antakiyalılar) dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.

[36.26] (Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki,

[36.47] Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!” – deyildiyi zaman, kafirlər mö’minlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.

[36.66] Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).

[36.67] Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).

[36.68] Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?
