[38.2] (Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).
[38.17] (Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).
[38.22] Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”
[38.23] (Onlardan biri dedi: ) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: “Onu mənə ver! (Məni ona sahib et!)” – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi”.
[38.24] (Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.
[38.25] Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu ne’mət, axirətdə isə gözəl sığınacaq – Cənnət gözləyir).
[38.26] Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!
[38.32] O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə’rifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”.
[38.35] (Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi).
[38.44] (Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının yüngülləşdirilməsi üçün ona belə buyurduq: ) “Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.
[38.59] (Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər: ) “Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər: ) “Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!”
[38.60] (Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!
[38.86] (Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Qur’an mənim sözüm deyil, Allah kəlamıdır!)