[4.1] Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!
[4.2] Yetimlərin mallarını (həddi-büluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
[4.3] Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.
[4.6] Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!
[4.11] Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4.12] (Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!
[4.19] Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.
[4.23] Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[4.24] (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (müt’ə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4.25] İçinizdən azad mö’min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mö’min (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə-hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış e’tiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəfvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[4.32] Allahın (maddi, yaxud mə’nəvi cəhətdən) birinizi digərindən ütün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.
[4.34] Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
[4.35] (Ey mö’minlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) tə’yin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!
[4.36] Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!
[4.43] Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!
[4.46] Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, - deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lə’nətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.
[4.47] Ey kitab verilmiş kimsələr! Bə’zi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lə’nət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qur’ana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!
[4.51] (Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: “Bunlar mö’minlərdən daha doğru yoldadırlar”, - deyirlər.
[4.58] Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!
[4.59] Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.
[4.60] (Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər
[4.64] Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
[4.65] Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.
[4.66] Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım olardı).
[4.69] Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne’mətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, e’tiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!
[4.75] (Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?
[4.77] (Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”
[4.78] Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəlulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!
[4.81] (Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!” – deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!
[4.83] Onlara (münafiqlərə bə’zi müsəlmanların sadəlövhlüyü üzündən döyuş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (mö’minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını tə’yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.
[4.84] (Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin mö’minləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!
[4.88] Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!
[4.89] Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!
[4.90] Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.
[4.91] Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.
[4.92] Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mö’mini səhvən öldürərsə, o zaman o, mö’min bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4.94] Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mö’min deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!
[4.95] Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.
[4.97] Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!
[4.100] Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!
[4.102] (Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!
[4.104] (Kafir) qövmü tə’qib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4.113] (Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Qur’anı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!
[4.114] Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!
[4.127] (Ya Rəsulum!) Səndən qadınlar barəsində fətva (əsasında hökm çıxarılan şər’i məsləhət) istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah və Kitabdan (Qur’andan) sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!
[4.128] Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!
[4.129] Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[4.131] Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tə’rif olunmağa) layiqdir.
[4.135] Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!
[4.136] Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.
[4.140] Allah Kitabda (Qur’anda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!
[4.141] (Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi? “ deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (mö’minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz mö’minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmi? “ – söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan bir yol göstərməz!
[4.153] (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” – demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın mö’cüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq mö’cüzələr) verdik.
[4.155] Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz pərdəlidir!” - dedikləri ucundan (Allahın lə’nətinə düçar oldular). Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.
[4.157] (Onların lə’nətə düçar olmalarının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.
[4.162] Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və mö’minləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!
[4.170] Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla (Qur’anı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4.171] Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!
[4.173] (Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz ne’mətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!
[4.176] (Ya Rəsulum!) Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fətva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!