[40.5] Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə oldu!
[40.7] Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və mö’minlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!
[40.10] Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: “Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana də’vət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!”
[40.11] Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən diriltdin). Biz öz günahlarımızı e’tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?”
[40.12] (Onlara belə cavab veriləcəkdir: ) “Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!”
[40.15] Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö’minlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!
[40.16] Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cür’əti çatmadığından Allah Özü cavab verəcəkdir: ) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”
[40.21] Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından) qoruyan bir kimsə tapılmadı.
[40.25] (Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, mö’cüzələrlə) gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar.
[40.28] Fir’on ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” – deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar mö’cüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.
[40.29] Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə (Misir torpağında İsrail oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Fir’on dedi: “Mən sizə ancaq münasib gördüyüm rə’yimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm (Musanı öldürməkdən başqa ayrı çarə yoxdur)!”
[40.34] And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər(mö’cüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!
[40.35] O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında (onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımin ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!
[40.37] Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!” Fir’ona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fir’onun hiyləsi ancaq boşa çıxdı. (Fir’on xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi).
[40.43] Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!
[40.50] (Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar mö’cüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz).
[40.55] (Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və mö’minlərə verdiyi zəfər) və’di haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl!)
[40.56] Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!
[40.60] Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!
[40.64] Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) ne’mətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan ucadır, xeyir-bərəkəti bol və daimidir!)
[40.67] Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir.
[40.77] (Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və mö’minlərə verdiyi zəfər) və’di haqdır. Ya onlara və’d etdiyimizin (əzabın) bir qismini (diri ikən) sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar olacaqlar!)
[40.78] Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğmbər Allahın izni olmadan bir mö’cüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.
[40.80] Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə daşınırsınız.
[40.82] Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi).
[40.83] Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına – qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı).
[40.85] Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular).
