[42.5] Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!

[42.7] (Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Qur’an vəhy etdik. (Axirətdə insanların) bir qismi (mö’minlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!

[42.11] Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!

[42.13] (Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin də’vət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

[42.14] Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər tə’xirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yə’qin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Qur’an göndərilmiş müşriklər də) onun (Qur’nın, peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.

[42.15] (Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) də’vət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma və de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!”

[42.16] Allahın də’vəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!

[42.21] Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (və’d) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!

[42.22] (Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük ne’mət!

[42.23] Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)

[42.24] Yoxsa onlar: “(Muhəmməd) Allaha qarşı yalan uydurdu!” – deyirlər. (Ya Peyğəmbər!) Əgər Allah istəsə, sənin qəlbini möhürləyər (Allahın adından yalan danışacağın təqdirdə Qur’anı sənə büsbütün unutdurar). Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.

[42.27] Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar).

[42.45] Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!” Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar.

[42.47] (Ey insanlar!) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin də’vətini qəbul edin! (Ona iman gətirin!) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz!

[42.48] (Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin də’vətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (ne’mət) daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!

[42.51] (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və rö’ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!

[42.52] (Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (mö’minlərə mə’nəvi həyat verən Qur’an) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə də’vət edib haqqa qovuşdurursan).
