[47.4] (Ey mö’minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.
[47.15] Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!
[47.16] (Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): “(Muhəmməd) bu saat nə dedi?!” – deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!
[47.19] (Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mö’min kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha mə’lumdur. Ondan heç nə gizli qalmaz!)
[47.20] Mö’minlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -
[47.26] Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): “Biz bə’zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!
[47.30] (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir! (Bu ayə nazil olduqdan sonra tanınmayan münafiqlər qorxudan ağızlarını açıb bir kəlmə danışmırdılar).
[47.31] (Ey mö’minlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə mə’lum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı mö’min olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)
[47.36] Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər).
[47.38] Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!