[49.3] Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (mö’minliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!

[49.7] (Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!

[49.9] Əgər mö’minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!

[49.11] Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)

[49.12] Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!

[49.13] Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.

[49.14] (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
