[6.5] Onlara haqq olan (Qur’an) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Qur’anın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!
[6.6] Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.
[6.8] Onlar dedilər: “Məgər ona (Həzrəti–Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi.
[6.9] Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.
[6.12] De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz- Özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!
[6.14] (Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu).
[6.19] De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Qur’an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”
[6.25] (Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Qur’anı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir mö’cüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: ”Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, - deyərlər.
[6.30] Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”.
[6.31] Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!
[6.33] Bilirik ki, onların (Qur’an barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
[6.34] Səndən əvvəl də peyğəmbərlər təkzibə mə’ruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi və’dləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bə’zisi sənə gəlib çatdı.
[6.35] Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir mö’cüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək istədiyini) bilməyənlərdən olma!
[6.37] (Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö’cüzə endirilməli deyildimi?” De: “Allah mö’cüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir mö’cüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!
[6.38] Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şə’ninə tə’rif deyirlər). Biz Kitabda (Qur’anda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.
[6.41] Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)
[6.44] (Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün ne’mətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən ne’mətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.
[6.46] (Ya Rəsulum!) De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.
[6.54] Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”
[6.57] De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qur’ana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”
[6.59] Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
[6.60] Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.
[6.61] (Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!
[6.65] De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!
[6.70] Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Qur’anı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!
[6.71] De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,
[6.80] Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
[6.81] Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?
[6.84] Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.
[6.89] Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).
[6.90] Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Qur’an) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)”.
[6.91] Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Qur’an) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Qur’an vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).
[6.92] Bu (Qur’an) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar).
[6.93] Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!
[6.94] Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.
[6.99] Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.
[6.100] Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəksə durur.
[6.105] Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Qur’anı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, mö’minlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).
[6.108] Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Mö’minlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!
[6.109] (Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (mö’cüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!”
[6.112] Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!
[6.114] Allah sizə Kitabı (Qur’anı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Qur’anın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!
[6.119] Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!
[6.121] Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.
[6.123] Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları tə’yin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar.
[6.124] Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, mö’cüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!
[6.128] (Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!
[6.130] Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.
[6.136] (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!
[6.137] Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!
[6.138] (Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”,- dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.
[6.139] (Müşriklər) həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir”,- dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!
[6.141] Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!
[6.143] (Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”
[6.144] (Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!
[6.145] (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!
[6.146] Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!
[6.148] Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”
[6.150] De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.
[6.151] (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
[6.152] Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!
[6.154] Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz ne’məti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!
[6.157] Və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, - söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!
[6.158] (Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bə’zi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bə’zi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”
[6.164] De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.
[6.165] (Ey insanlar!) Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (mö’minləri) bağışlayan, (onlara) rəhm edəndir!
