Home : Quran Translations : Azerbaijani :
Azerbaijani Translation: ət-Təğabun (Qarşılıqlı aldanma) surəsi
[64.6] Çünki peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirir, onlar isə: “Məgər bizi doğu yola (özümüz kimi adi) bir insanmı salacaqdır?!” – deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tə’rifə) layiqdir!
[64.9] Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün – məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bə’zi mö’minlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
[64.11] Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!
[64.14] Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!
[64.16] Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!