[66.3] Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. (Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona (Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, (alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı (Həfsəyə) bildirdikdə o: “Bunu sənə kim xəbər verdi?” – deyə soruşmuş, o da: “Bunu mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!” – deyə cavab vermişdi.

[66.4] (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh mö’minlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh mö’minlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır).

[66.6] Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).

[66.8] Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şö’lə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”

[66.10] Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.

[66.12] (Allah mö’min qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.
