[9.3] Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!
[9.4] Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!
[9.5] Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[9.7] Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni–Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!
[9.12] Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!
[9.13] (Ey mö’minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) mö’minlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!
[9.18] Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar tə’mir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!
[9.24] (Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!
[9.28] Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, e’tiqadları puç və iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan (ehtiyacdan) qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz ne’mətindən (verib) sizi mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[9.30] Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lə’nət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!
[9.31] Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)
[9.35] O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)
[9.36] Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə’də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!
[9.37] Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana və ya zülqə’də, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bə’zən halal, halal olan bir ayı da bə’zən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!
[9.39] Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!
[9.40] (Ey mö’minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”–dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!
[9.42] Əgər o (də’vət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”,- deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.
[9.46] Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!” - deyildi.
[9.52] De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”!
[9.60] Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mö’min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[9.61] (Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”,- deyənlər də var. De: “O qulaq sizin üçün bir ne’mətdir. Allaha da inanır, mö’minlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”
[9.65] (Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!
[9.66] (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
[9.67] Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!
[9.69] (Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!
[9.70] Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mö’təfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar mö’cüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.
[9.71] Mö’min kişilərlə mö’min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
[9.72] Allah mö’min kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər və’d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!
[9.74] (Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və mö’minlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz ne’mətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!
[9.80] (Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!
[9.81] (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (mö’minlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!
[9.83] Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: “Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!”
[9.91] Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini tə’min etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!
[9.93] Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər!
[9.94] (Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!
[9.95] Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Çünki onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!
[9.98] Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və (bundan xilas olmaq üçün) başınıza bəlalar (münasibətlər) gəlməsini gözləyərlər. (Mö’minlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) eşidəndir, biləndir!
[9.99] Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[9.100] (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!
[9.101] Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.
[9.102] (Münafiqlərin) bir qismi də günahlarını e’tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[9.103] (Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.
[9.107] (Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, mö’minlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”,- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!
[9.108] (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
[9.111] Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö’minlərin canlarını və mallarını Tövratda, İncildə və Qur’anda haqq olaraq və’d edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!
[9.112] (Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə mö’minləri (Cənnətlə) müjdələ!
[9.114] İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və’də görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.
[9.117] Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.
[9.118] Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
[9.120] Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
[9.122] (Ehtiyac olmadıqda) mö’minlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onuu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!
[9.127] (Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Müsəlmanlardan) sizi görən varmı?” – deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!
[9.129] (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)